Xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 5 istiqamətə daxildir:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman
Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər test imtahanları ilə yanaşı qabiliyyət imtahanları da verməlidirlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər test imtahanlarını verməklə yanaşı seçmə turdan da keçməlidirlər.
2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imatahanlarının keçirilmə qaydaları "Abituriyent" jurnalının 2-ci sayında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turun keçirilmə qaydaları isə "Abituriyent" jurnalının 4-cü sayında verilmişdir.
İstiqamətlər üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və metodiki tövsiyələr 2011-ci il "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Təsviri sənət", "Musiqi sənəti", "Memarlıq və dizayn", "Teatr, kino və xoreoqrafiya sənətləri, "Bədən tərbiyəsi və idman" vəsaitlərində çap olunmuşdur, həmçinin TQDK-nın internet saytında (www.tqdk.gov.az) köməkçi audio-video materiallar yerləşdirilmişdir.
2012/2013-cü tədris ili üçün istiqamətlər üzrə qabiliyyət imtahanlarının və seçmə turların keçirilmə qaydaları, proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və metodiki tövsiyələr "Abituriyent" jurnalının 2012-ci ildə müvafiq saylarında və xüsusi buraxılışlarında nəşr olunacaqdır.