Xocalı soyqırımı yox, Xocalı faciəsi? - Gündəlikdə kobud səhv
26 fevral Xocalı soyqırımı yox, Xocalı faciəsi kimi qeyd edilib
Məktəbli gündəliyində növbəti səhv üzə çıxıb. Gündəlikdə Xocalı soyqırımı yox, Xocalı faciəsi yazılıb. Bu isə şagirdlər arasında çaşqınlığa səbəb olub. Gündəliyi çap edən nəşriyyat isə səhvin onlardan qaynaqlanmadığını deyir.
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan məktəbli kitabçasında daha bir səhv aşkarlanıb. Gündəliyin qanlı yaddaş səhifəsində 26 fevral tarixinə Xocalı Soyqırımı əvəzinə Xocalı faciəsinin anım günü yazılıb.
Gündəlikdə yol verilən bu səhv müəllimlərin də qınaq obyektinə çevirilib.
Müəllimlər gündəliklərin müəyyən bir standart çərçivəsində çap edilməsinin də tərəfdarıdır.
Gündəliyin çap edildiyi "Şərq Qərb Nəşriyyat Evi"ndən bildirilir ki, onlar gündəliyin sadəcə çap edilməsindən məsuldur. İçərisində qeyd olunmuş mətnlər və məlumatlardan Təhsil Nazirliyinin məsuldur. Təhsil Nazirliyi isə bu iddianın əsassız olduğunu bəyan edir.
Məlumat üçün bildirək ki, hələ 1992-ci il martın 25-də yəni hadisədən cəmi 1 ay sonra Azərbaycan Respublikası Ali Soveti Xocalıda baş verənləri soyqırımı kimi qiymətləndirib. Bu haqda 1993-cü il fevral ayının 2-də Milli Məclisin 510 nömrəli qərarın 1-ci bəndində görmək olar. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə bu məsələlərə Milli Məclisin xüsusi sessiyası həsr olunub. Və 791 nömrəli qərarla 26 fevral günü Azərbaycanda Soyqırımı günü elan olunub.