
Türkiyə-Azərbaycan Universiteti harada fəaliyyət göstərəcək?



Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin.
“Report”xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkilinin fikrincə, Türkiyə-Azərbaycan Universiteti Bakıda deyil, regionda fəaliyyət göstərməlidir:
“Azərbaycanda bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur. Həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox, regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.
Hesab edirəm ki, biz bu universiteti yaradarkən, bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla, Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”.