TQDK abituriyentlər üçün yeniliklər etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yenilikləri açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumtəhsil müəssisələrinin XI sinifində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib.
Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.
Qəbul imtahanları üzrə tətbiq olunacaq yeniliklərə gəlincə, ali və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2015-ci ildən etibarən XI sinifi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il birinci sayında veriləcək.