Tarixçi-alim: Tapşırıq verildi ki, məktəblərdə fars dili icbari tədris edilsin
Azərbaycan tarixən dünya mədəniyyətinə əvəzsiz incilər bəxş edib. Bu günə qədər gəlib çatan tarixi və memarlıq abidələri, kitabələr və əlyazma əsərlər, rəssamlıq məktəbləri və digər elm və mədəniyyət sahələri həm Quzey, həm də Güney Azərbaycanın bilavasitə adı ilə bağlıdır. Təbriz orta əsrlərdə mədəniyyətin beşiyi sayılırdı. Azərbaycanın Quzeyində hər zaman Güneyə, xüsusilə də Təbrizə böyük maraq olub.
Bu barədəAZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova bildirib.
Alim qeyd edib ki, Təbrizin mədəni strukturunun zənginliyi xalçaçılığın, memarlığın, rəssamlığın, miniatür və musiqi kimi sənətlərin yüksək səviyyəyə çatmasına səbəb olub. Xüsusilə miniatür sahəsində özünəməxsus yerlərdən birini tutan Təbriz miniatür məktəbi Anadoludakı miniatür sənətin inkişafında da çox əhəmiyyətli rol oynayıb. Mətbəə, qəzet-jurnal nəşri, uşaq bağçası, teatr, telefon qovşağının İranda ilk dəfə Təbrizdə açılıb inkişaf etməsi də şəhərin ticari və mədəni zənginliyinin göstəricisidir. Güney Azərbaycanda əsas təhsil ocaqları mədrəsələr idi. Bunlar da əsasən dini idarələr, iri tacirlər tərəfindən və xeyriyyə işləri üçün ianə toplanması hesabına təsis edilirdi. Mədrəsələr Təbrizdə və bir neçə başqa şəhərdə var idi ki, bunların da çoxu kiçik mədrəsələrdən ibarət idi. Bu mədrəsələr də cəmiyyətin ictimai, siyasi, mədəni inkişafı tələbatına əsla xidmət etməyə qadir deyildi.
Güney Azərbaycanda müasir tipli təhsilin əsası 1875-ci ildə Təbriz Dövlət Məktəbinin (Təbriz Darülfününün) açılması ilə qoyulmuşdu. Təbrizdə “Dabestan” (ibtidai məktəb) adlı ilk xüsusi yeni tipli (üsuli-cədid) məktəbi 1888-ci ildə Mirzə Həsən Ruşdiyyə açdırdı. 1917-ci ildə Güney Azərbaycanda ilk orta məktəb təsis edilmişdi. Bu dövrdən vilayətdə mətbuat inkişaf etməyə başladı. Bu da, əlbəttə ki, Rusiyada baş vermiş Fevral və Oktyabr hadisələri ilə bağlı idi. Elə bu vaxtdan başlayaraq Güney Azərbaycan Əyalət Komitəsi müstəqil hərəkət etməyi və bir partiya (Azərbaycan Demokrat Partiyası) halında birləşməyi qərara aldı.
Sovet-İran mədəni əlaqələrinin inkişafında Azərbaycanın mədəniyyət xadimləri xüsusi rol oynamışdı. Ta orta əsrlərdən başlayaraq 1925-ci ilə qədər bugünkü İran coğrafiyası türklər tərəfindən idarə edilmiş ərazi olub. 1925-ci ildə İranda sona çatan türk hökmranlığı yerini Pəhləvilərə və ondan sonra 1979-cu ildə İran İslam Respublikasına vermişdir. Tədqiqatlar göstərir ki, İranda Azərbaycan türkcəsinə qarşı ögey münasibət bu və ya digər formada həmişə mövcud olsa da, açıq rəsmi basqılar 1925-ci ilin dekabrında Rza xanın hakimiyyətə gəlməsindən sonra başlanıb. Rza şah hakimiyyətə gəldikdən sonra ölkədə əsrlər boyu davam edən türk şahlarının hökmranlığına son qoyuldu. Siyasi hakimiyyətdən məhrum edilmiş türklər öz ana dillərinin, məktəblərinin rəsmi hüquqlarını itirdilər. Ana dilindən yalnız öz evlərində istifadə etmək məcburiyyətində qaldılar.
İkinci Dünya müharibəsi illərində Güney Azərbaycan mədəniyyətində milli-mədəni oyanış baş verdi. Bu istiqamətdə ilk addımların atılmasında Quzey Azərbaycanın həlledici təsiri və rolu olmuşdu. Müharibə illərində baş vermiş bu milli oyanış və mədəni dirçəliş 1946-cı ildə Milli Hökumətin qısamüddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə zəmin vermişdi. Lakin Rza şahın oğlu Məmmədrza Pəhləvi də şovinistlikdə atasından geri qalmadı. Onun hakimiyyəti dövründə ana dilində nəşr edilmiş kitab, qəzet və jurnallar yığılıb yandırıldı. Hətta 1958-ci ildə maarif nazirinə xüsusi tapşırıq verildi ki, uşaq bağçalarında, məktəblərdə fars dili icbari tədris edilsin. Məqsəd o idi ki, digər millətlər öz ana dillərini unutsunlar.
1978-1979-cu illər İran inqilabının qələbəsindən sonra ölkə İran-İraq müharibəsinin (1980-1988) vurduğu yaraları sağaltmağa başladı. Azərbaycan əhalisi demokratik azadlıqların verilməsini gözləyirdi. Azərbaycan türkləri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 15-ci maddəsi idi. Yerli və etnik dillərin fars dili ilə yanaşı, mətbuatda, kütləvi informasiya vasitələrində, məktəblərdə milli ədəbiyyatın tədrisində işlənməsi azad elan edilsə də, Azərbaycan məktəblərində buna nail olunmadı. İran hakim dairələrinin anti-Azərbaycan siyasəti “vahid İslam ümməti” ifadəsi altında aparıldığından milli mənsubiyyət inkar edildi.
Tarixdən göründüyü kimi, vaxtilə böyük şəxsiyyətlərin fədakar mübarizəsi ilə bütün dünyanı heyrətə salmış Azərbaycan xalqı hazırda Güneylə bağlı öz tarixinin ən həssas dövrünü yaşayır. Bu gün Güney Azərbaycanda soydaşlarımıza qarşı törədilənlər, onların hüquqlarının tanınmaması yenidən bu məsələni gündəmə gətirib. Güney Azərbaycan məsələsi bütövlükdə öz həllini gözləyən məsələdir.