Tarix Muzeyinin yeni kataloqu
“Milli Azərbaycan Tarixi Muzeyinin Qələmkar kolleksiyası” adlı yeni kataloq nəşr olunub.
Bu barədəAZƏRTAC-a muzeydən məlumat verilib.
Kataloqun elmi redaktoru muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, müəllifi elmi katib Sevinc Nəsirovadır. Kataloqda muzeyin qələmkar məmulatı və onların bədii tərtibatı haqqında məlumatlar əks olunub. Zəngin kolleksiyada qorunan həmin qələmkarlar öz rəng ahəngi, naxış elementləri və təsvirləri baxımından olduqca maraqlıdır. Fondda qorunan qələmkarlar süjetli və ornamental naxışlarla bəzədilib. Qələmkarların əsas bəzək elementləri isə butalardır.
Muzey kolleksiyasında həm texnikası, həm də süjeti baxımından çox əhəmiyyətli qələmkar divar bəzəkləri də qorunur. Divar bəzəklərinin bəziləri üzərində Səfəvi hökmdarlarının ziyafət məclisi, ov mərasimi kimi səhnələr təsvir edilib.
Kataloqda yer alan XIX-XX əsrlərə məxsus bir çox qələmkar məmulatı həm Azərbaycan, həm də Şərq ölkələrinin sənətkarlıq tarixinin tədqiqi üçün mühüm mənbədir.