
Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir



Bu gün respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir.
Təhsil İnstitutundanAZƏRTAC-a bildirilib ki, aşağı (VIII, IX sinif) və yuxarı (X, XI sinif) yaş qrupları üzrə keçirilən yarımfinal mərhələsi respublikanın 19 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Ucar, İmişli, Bərdə, Tovuz, Şəmkir, Quba, Xaçmaz, Zaqatala, Şəki, Şirvan və Salyanda ümumilikdə 27 binada təşkil olunub. Prosesə 27 ümumi rəhbər, 100-dən çox nümayəndə, 400-dən çox otaq nəzarətçisi, tibb və buraxılış rejimi əməkdaşları (mühafizə) cəlb olunub.
Fənn olimpiadalarında iştirak üçün 45 mindən çox ərizə daxil olub və 9 mindən çox şagird yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edəcək. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir.
Fevralın 27-dən etibarən cavab kartlarının emalı aparılacaq. Nəticələrin martın 7-dək elan edilməsi nəzərdə tutulur. Respublika mərhələsinin yarımfinal turunun nəticələriwww.portal.edu.azplatformasında şəxsi kabinetlərə yerləşdiriləcək, eyni zamanda, şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri ilə paylaşılacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.