Respublika Elmi-Texniki Kitabxanasının Qızıl fondunda 4 minədək ədəbiyyat saxlanılır
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası (RETK) ölkəmizin ən böyük kitabxanalarındandır. Hazırda kitabxananın ümumi fondu təqribən 14 milyon nüsxədən ibarətdir.
Bu barədəAZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, RETK-da fəaliyyət istiqamətinə uyğun olaraq elm, texnika və iqtisadiyyatın müxtəlif sahələri üzrə kitablar toplanıb. Kitabxananın üstün cəhətlərindən biri də burada Qızıl fondun fəaliyyət göstərməsidir.
Kitabxananın Qızıl fondunda 4 minə yaxın (3621) ədəbiyyat saxlanılır. Qızıl fonda daxil olan ədəbiyyat 1880-1940-cı illəri əhatə edir. Bunların əsas hissəsini Neft fondu, qalan hissəsini isə memarlıq, inşaat, riyaziyyat, fizika, kimya, elm və texnikanın digər sahələri üzrə ədəbiyyat, o cümlədən ensiklopedik lüğətlər təşkil edir.
Qeyd edək ki, 1884-cü ildə Bakı neft sənayeçilərinin birinci qurultayında Bakı Neft Sənayeçiləri Qurultayı Şurası (BNSQŞ) seçilib. BNSQŞ Rusiya burjuaziyasının ilk sahibkar təşkilatlarından biri idi. 1898-ci ildə BNSQŞ ilk nəşrini – “Neftyanoe Delo” (“Neft işi”) jurnalını təsis edib. Jurnalın ilk sayı rus dilində 1899-cu il yanvarın 10-da işıq üzü görüb. RETK-nın Qızıl fondunda bu jurnalın bütün nömrələri saxlanılır.
“Neft işi” jurnalı neft sənayesinin nailiyyətləri və problemlərini işıqlandıran dünyada ilk sahəvi media vasitəsi idi. 1920-ci ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Şurasının sərəncamı ilə “Neft işi” jurnalının adı dəyişdirilərək “Azərbaycan neft təsərrüfatı” adlandırılıb. Jurnalda neft sənayesi haqqında qəbul edilən qanun və qərarlar, neft işinin xronikası (quyuların qazılması, neftin hasilatı, emal edilməsi, neft məhsullarının ticarəti), neft işinin statistikası, neft sənayesi şirkətlərinin hesabatları və digər məlumatlar dərc olunub.
Bundan əlavə, RETK-nın Qızıl fondunda neft sənayeçilərinin qurultaylarının “Trudi” və “Obzor” kitabları saxlanılır. Bu kitabların hər birinin içərisində Bakının Abşeron yarımadasının neftli torpaqlarının plan və xəritələri (Balaxanı, Bibiheybət, Ramana, Qala), neft quyularının hasilatı, aylıq, illik göstəriciləri cədvəllərlə, diaqramlarla göstərilib.
Son zamanlar RETK tərəfindən müxtəlif kitab sərgiləri, o cümlədən səyyar sərgilər təşkil olunur. Belə ki, 2022-ci il 5-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Bakı VIII Beynəlxalq Kitab Sərgisində RETK-nın Qızıl fonduna daxil olan neft, kimya, fizika, riyaziyyat, memarlıq, inşaat, elm və texnikanın digər sahələrinə aid ədəbiyyat nümayiş etdirilib. Bu tədbirlər kitabxananın oxucu sayının artmasına da təsir edir. Elm adamları, mütəxəssislər, tələbələr və digər maraqlı şəxslər RETK-nın xidmətlərindən yararlana bilərlər. Bu kitablar bizim xalqımızın sərvətidir. Azərbaycanın qara qızılının həqiqi tarixidir. Bu kitablarla tanış olduqca sanki keçən əsrə səyahət edirsən, o dövr göz önündə canlanır.