Qızları niyə təhsildən uzaqlaşdırırlar?
Son vaxtlar qızların universitetlərə sənəd qəbulunda say etibarilə azalma baş verib. Bu nə ilə bağlıdır, niyə qızlar təhsildən uzaqlaşdırlır, çıxış yolu nədir? SİA bu sualları təhsil üzrə ekspert Kamran Əsədova ünvanlayaraq cavab alıb: “Bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”.
Ekspert son 20 il ərzində Azərbaycanda təhsil sahəsində ciddi nailiyyətlər əldə edildiyini bildirib: "Bu nailiyyətlər təhsil sahəsində həyata keçirilən çoxsaylı layihələr, dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub. Artıq bu bir faktdır ki, ölkənin təhsil sahəsində əldə edilən uğurları, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Dövlətin bu sahəyə ciddi yanaşmasının nəticəsidir ki, hər il təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artmaqda davam edir.Artıq təkcə paytaxtda deyil, respublikaının ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir”.
Kamran Əsədova təəssüf hissi ilə qeyd edib ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir: "Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edilsə də nədənsə son zamanlar ailələrdə uşaqların təhsil almalarına müəyyən məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər isə əsasən ölkənin cənub regionunda və Bakıətrafı kəndlərdə daha da artıb. Bundan başqa, söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Bəzi rayon və kəndlərdə qızlar yalnız "yazı işi" olandan-olana məktəbə gedir. Kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edək ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər. Xüsusilə, Lənkəran, Masallı, Lerik və Astarada, o cümlədən Bakıətrafı kəndlərdə Nardaran, Balaxanı və s.də qızların təhsildən yayınma halları mövcuddur. Əsasən ibtidai təhsil alan qızlar sonrakı mərhələdə valideynlərinin təhriki ilə təhsildən yayınır. Təhsildən yayınmalar nəticəsində son illərdə, konkret olaraq son 4-5 il ərzində ali məktəblərə sənəd verən qız abituriyentlərin sayı dəfələrlə, böyük faiz aşağı düşüb. Düzdür, subyektiv səbəblərlə yanaşı, yəni milli mentalitetin oynadığı rolla yanaşı, maddi vəziyyətində oynadığı rol kifayət qədərdir. İndi XX əsrin əvvəlləri deyil ki, Azərbaycan dünyanın ən müasir etmiş, mədəni səvviyyəsi kifayət qədər olan bir dövlətə çevrilmişdir. Bu gün regionlarımızda hələdə köhnə fikirli valideynlər qızların təhsil almasına maneə olurlar. Onlar buna bəhanələri Bakıdakı mühitə olan inamsızlıqlarıdır. Çünki indi paytaxtdakı mühit təhlükəlidir. Həmçinin qızın 16 yaşdan sonra yük olduğunu düşünürlər. Qız yaşlandıqca, adına pis sözlər yayılmasından da qorxub tez ərə verirlər”.
Ekspert bu problemdən çıxış yolu olduğunu da bildirib: "Belə ki, bunun üçün sovet dövrünün təcrübəsindən bəhrələnmək lazımdır. Belə ki, sovet illərində orta təhsilini başa vurmayanlar texniki peşə məktəblərinə üz tutaraq müəyyən sənət öyrənirdilər. Bu ənənəni indi də tətbiq etmək olar. Qadınlar, xüsusən də bölgədə yaşayanlar əl işlərinə meyilli olur. Odur ki, onların maliyyə çətinliyini bu yolla qismən həll etmək olar. Bundan başqa, əvvəldə qeyd etdiyimiz kimi, qız abituriyentlərin təhsildən yayınmasının əsas səbəblərindən biri də maliyyə imkanları və qızların təhsil aldıqları şəhərlərdə yerləşib yaşaması ilə bağlıdır. Bu problem aradan qaldırmaq üçün hökmət universitet və kolleclərdə qəbul plan yerlərini artırmalı, təhsil haqqlarını qız tələbələr üçün 50 faiz və daha çox azaltmalı, hər bir təhsil müəssisəsinin yaxınlığında yüksək standartlara cavab verən, tam təhlükəsizliklə təmin edilmiş qızlar üçün yataqxanalar tikib istifadəyə verməlidir. Əgər bu addımlar qısa zamanda atılarsa, öz müsbət təsirini yazın zamanda göstərəcəkdir. Tarixdən bir maraqlı fakt ilə mövzuya yekun vurmaq istəyirəm. Bir gün Hacı Zeynalabdin Tağıyevdən soruşurlar ki, niyə oğlanlar üçün deyil məhz qızlar üçün məktəb açdırmaq qərarına gəldin? Bu zaman o belə cavab verir: “Əgər bir kişi təhsil alarsa, bu yalnız savadlı bir insan olması deməkdir. Amma, bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”.
Tofiq