Pedaqoji Universitetin özünütəhlil hesabatı təsdiq edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib.
Elmi şuranın sədri, rektor Cəfər Cəfərov Pedaqoji Universitet kollektivi adından Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş türk xalına və dövlətinə başsağlığı verib. Rektor qüdrətli türk xalqının əl-ələ verərək qısa zamanda bu fəlakətin fəsadlarını aradan qaldıracağına inamı ifadə edərək, hər zaman qardaşlarımızın yanında olduğumuzu vurğulayıb.
Sonra rektor gündəlikdə duran əsas məsələlər barədə məlumat verib.
Daha sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun institusional akkreditasiyası ilə əlaqədar özünütəhlil hesabatının təsdiqi barədə məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, ADPU-da son akkreditasiya 2015-ci ildə olub və 2016-cı ildə müəllimlik ixtisasları üzrə bakalavr, həmçinin pedaqoji ixtisaslar üzrə magistr hazırlamaq üçün akkreditasiya şəhadətnaməsi alınıb. 2019-cu ilin sonunda növbəti 5 il üçün ADPU-nun akkreditasiyası yenidən başlayıb, lakin pandemiya səbəbindən proses yarımçıq qalıb. 2022-ci ildə TKTA-nın məktubu əsasında institusional akkreditasiya prosesinə start verilib. Akkreditasiyaya hazırlıq üçün TKTA ilə təlim xidmətləri üzrə müqavilə imzalanıb. Pedaqoji Universitetdə 2022-ci ildə özünütəhlil üzrə Təşkilat Komissiyası yaradılıb. Komissiyanın fəaliyyəti nəticəsində universitetin bütün strukturlarının son 7 illik fəaliyyətini əks etdirən ümumilikdə 169 səhifəlik özünütəhlil hesabatı hazırlanıb. Özünütəhlil hesabatı ilə tanışlıqdan sonra Elmi şura hesabatın təsdiq olunaraq müvafiq orqana təqdim olunması haqqında qərar qəbul edib.
Sonda cari məsələlər müzakirə olunub.