Ötən il 100 865 ədəd nəzarət markası verilib
Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, il ərzində 100 865 (yüz min səkkiz yüz altmış beş) ədəd nəzarət markası verilib.
"Report"xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin 2022-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında bildirilib.
Mərkəzin direktoru Nəcəf Quliyev qeyd edib ki, keçən il ərzində dövri nəşrlər üçün (jurnal, qəzet və s.) beynəlxalq nömrələmə sistemi olan ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) üzrə ölkəmizdə Milli Mərkəz funksiyalarını yerinə yetirən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinə hüquqi yardım göstərilmiş, 2022-ci ildə 13 dərgiyə ISSN nömrə verilmiş, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsi istiqamətində işlər davam etdirilib.
Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilmiş, il ərzində 100 865 (yüz min səkkiz yüz altmış beş) ədəd nəzarət markası verilib.
Bununla yanaşı, 2022-ci ildə keçirilən beynəlxalq idman yarışlarında milli komanda üzvlərimizin çıxışı zamanı, onları müşayiət edən musiqilərin istifadə olunması üçün müəllif hüquqları sahiblərindən müvafiq Iisenziya alınması üçün onlarla əlaqə yaradılmış və razılıqları alınıb.
Beynəlxalq əməkdaşlıq sahəsində bir sıra xarici ölkələrinin kollektiv idarəetmə təşkilatları ilə əlaqələr genişləndirilib. 2022-ci il 22 iyul tarixində Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə kollektiv idarəetmə təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyadan olan kollektiv idarəetmə təşkilatları ilə birgə bəyanat imzalanıb.
2022-ci ildə “Əqli Mülkiyyət” jurnalının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 850 illik yubileyinə, ölkəmizin 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş nömrələri nəşr edilmişdir. Bundan əlavə, coğrafi göstəricilərlə bağlı kitabçanın, sənaye nümunələri ilə bağlı məqalələr toplusu kitabının və Azərbaycanda patentin 30 illik yubileyinə həsr olunmuş kitabçaların nəşrə hazırlanması istiqamətində işlər aparılır.
Hesabat dinlənildikdən sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Mərkəzin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Tədbirdə hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Mərkəzin hesabatı müsbət dəyərləndirilib.