Orfoqrafiya lüğətinin internet resurslarına inteqrasiya məsələləri müzakirə olunub
Azərbaycan dilinin orfoqrafiya lüğəti ədəbi dildə işlənən sözlərin düzgün yazılış formalarını özündə ehtiva edən, bu dilin daşıyıcısı olan cəmiyyətin hər bir üzvünün istinad və istifadə edə biləcəyi mötəbər mənbədir. Hər bir dilin lüğət tərkibində zaman keçdikcə müəyyən dəyişikliklər baş verir ki, bu təbii proses də həmin dilin orfoqrafiya lüğətinin yenilənməsini zəruri edir. Müasir qloballaşma dövründə Azərbaycan dilinin lüğət tərkibində də ciddi dəyişikliklər özünü göstərib və ədəbi dilimiz zamanın tələbi ilə bir sıra yeni anlayışları əks etdirən söz və ifadələrlə xeyli zənginləşib. Hazırda dilin orfoqrafiya lüğətinin internet resurslarına inteqrasiya məsələsi də son dərəcə aktualdır.
AZƏRTACxəbər verir ki, bu barədə institutun baş mütəxəssisi Raqif İsmayılov İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti onlayn elmi seminarında orfoqrafiya lüğətinin internet resurslarına inteqrasiyası və mətnlərin avtomatik düzəlişi məsələlərinə dair aparılan müzakirələr zamanı söyləyib.
Məruzəçi dilin orfoqrafiya lüğətinin internet resurslarına inteqrasiyası üçün milli dil korpusunun inkişaf etdirilməsindən bəhs edib. Bildirib ki, milli dil korpusu konkret bir dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiş məlumat-axtarış sistemidir. Burada bütün növ lüğətlər (ikidilli, çoxdilli tərcümə lüğətləri, terminoloji, dialektoloji, onomastik, ensiklopedik və s.), müxtəlif janrlarda yazılmış bədii mətnlər, jurnal və qəzet materialları, elmi, elmi-populyar və s. mətnlər əks olunur. Korpusu təşkil edən mətnlərə müraciət formaları müəyyən qaydalar üzrə nizamlanır. İstifadəçiyə korpusdan istənilən məsələ ilə bağlı olan lazımi məlumatı əldə etmək imkanı təqdim edilir. O, dünyada yaradılan dil korpusları haqqında məlumatı da təqdim edib, Azərbaycan dilinin orfoqrafiya lüğətinin inkişaf mərhələlərindən söz açıb.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.