
Noyabrın 5-i beş günlük, 7-si altı günlük məktəblərdə dərs olacaq



Elm və Təhsil Nazirliyi noyabrın 5-9-da beş və altı günlük təhsil müəssisələrində iş günlərinin necə tənzimlənəcəyi ilə bağlı məlumat yayıb.
Nazirlikdən"Report"a bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. .
Bununla əlaqədar beşgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-9-u isə qeyri-iş günləri hesab edilir. Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, noyabrın 8-9-u isə qeyri-iş günləri hesab edilir. Bir sözlə, 5 və 7 noyabr məktəblərdə iş günləridir.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.