
Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri müzakirə olunub



İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” mövzusunda məruzə edib.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, məruzəçi linqvistik demoqrafiya, dünyada və Azərbaycanda dillərlə bağlı vəziyyət, eləcə də e-demoqrafiya sistemi çərçivəsində linqvistik demoqrafiyanın formalaşması haqqında məlumat verib. Linqvistik demoqrafiya və onun əsas problemlərindən bəhs edən G.Nəbibəyova dünyada 7 mindən çox dilin mövcud olduğunu bildirib. O, ENCARTA ensiklopediyasının 2009-cu il üzrə məlumatlarına əsasən, Azərbaycan dilində danışanların sayının dünyada 30-cu yerdə qərarlaşdığını qeyd edib.
Şöbə müdiri e-demoqrafiya sistemi çərçivəsində linqvistik demoqrafiyanın formalaşması məsələlərindən də söz açaraq bu gün informasiya texnologiyalarının insan həyatının və fəaliyyətinin bütün sahələrinə nüfuz etdiyini, bu təsir nəticəsində e-elm, e-tibb və digər istiqamətlərlə yanaşı, demoqrafiyanın da yeni istiqaməti – e-demoqrafiya meydana çıxdığını söyləyib.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.