Kolleclərə qəbullunda YENİLİK
Dövlət İmtahan Mərkəzi mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. SİA-nın xəbərinə görə,DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək.
Onun sözlərinə görə, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur: “Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında yoxlanılacaq".
M. Abbaszadə bildirib ki, bu il IX siniflər üçün buraxılış imtahanlarında şagirdlərə təkcə test sualları yox, yeni növ tapşırıqlar, misallar təqdim edilib. Lakin bizə daxil olan müraciətlərə əsasən imtahanın məzmunu ilə əlaqədar çox şey hələ də qeyri-müəyyəndir. Yeni yaradılacaq İctimai Şurada bu məsələlər, imtahanların məzmunu müzakirə ediləcək. Onların iştirakı ilə imtahan nəticəsini yoxlanmasını təkcə Bakıda yox, 8 regionda da aparılacaq”.
Nailə Məhərrəmova