İş dəftərlərini almaq lazımdırmı?
Bir məktəblinin dərs ilinə başlaması üçün təxminən 100 manatlıq alış-veriş tələb olunur. Bəzi ailələrdən bir neçə şagirdin yola salındığını nəzərə alsaq bu rəqəm daha da yüksəlir. Bəzən müəllimlərin şagirddən iş dəftərləri tələb etməsi isə ailəni daha da sıxıntıya sala bilər. Bəs görəsən iş dəftərlərini almaq mütləqdirmi?
Söhbət iş dəftərlərindən gedir. Bəzi müəllimlər dərslik komplektindən çıxarılsa da iş dəftəri tələb edir. Müəllimlər iş dəftərinin içindəki əlavə tapşırıqları əsas gətirərək əhəmiyyətli olduğunu deyir. Əslində isə ordakı tapşırıqlar və məsələlər əsas dərslikdə öz əksini tapıb. Bu baxımdan iş dəftərlərinin əhəmiyyəti də sual altında qalır.
Valideynlər bəzən iş dəftərlərini alsalar da, istifadə edilmədiyini görəndə geri qaytarır. Nəzərə alınsa ki, iş dəftərlərinin qiyməti 3 manat 50 qəpikdən başlayıb 5 manata qədər yüksəlir, deməli ailə büdcəsinə kifayət qədər təsir edir.