
İƏT-in Baş katibi universitetlərdə rəqəmsal infrastrukturu inkişaf etdirməyə çağırıb



İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha təşkilata üzv ölkələrin universitetlərini COVID-19 pandemiyasından sonra təkmilləşdirilmiş tədris təcrübəsi üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsi məsələsini nəzərdən keçirməyə çağırıb.
İƏT-in Baş katibliyindəAZƏRTAC-a bildiriblər ki, Baş katibin müraciətinin mətnini Niger Respublikasının Niamey şəhərində təşkil edilmiş konfransda onun elm və texnologiya üzrə köməkçisi Əsgər Mussinov diqqətə çatdırıb. Təşkilatın sədri vurğulayıb ki, COVID-19 pandemiyasının yaratdığı böyük çətinliklərə baxmayaraq, İslam ölkələrinin ali təhsil müəssisələri distant təhsil vasitəsilə tədris prosesini uğurla davam etdirib. O əlavə edib ki, İƏT-ə üzv dövlətlərin universitetləri daha sıx əlaqələr qurmalı və yeni əməkdaşlıq imkanları axtarmalıdır.
Konfransda çıxış edən İslam Həmrəyliyi Fondunun Daimi Şurasının prezidenti Nasser bin Abdullah Al-Zaabi, Niger Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri Mamoudou Djibo, Dünya Müsəlman Liqasının Baş katibi Əbdül Rəhman Əl-Zeyd və digər natiqlər İslam ölkələrinin universitetləri arasında tələbə mübadiləsi, yeni birgə elmi tədqiqatların aparılması, rəqəmsal texnologiyalardan istifadə və s. məsələlərdən bəhs ediblər.