“Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” - respublika konfransı
“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağırışlar” mövzusunda respublika konfransı keçirilib.
Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor İlham Məmmədzadə müasir ideologiyamızın əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilməsindən söz açıb: “Geosiyasətin müasirliyinin və çağdaş fəlsəfəsinin mahiyyəti bundan ibarətdir ki, inkişaf başqalarının hesabına deyil, onlarla əməkdaşlıqda həyata keçirilməli, ölkədən bölgəyə, qonşu regionlara və daha uzaqlara yönəlməlidir. Bu konsepsiya və onun gerçəkləşdirilməsi təcrübəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən ərsəyə gətirilib və onun ideoloji irsinin əsas hissəsini təşkil edir. Bu əsaslar, ilk növbədə, tarixi yaddaşın bir qismi kimi Ulu Öndərin irsində, vətənpərvərliyində və həm də onun ideyalarının artıq yeni şəraitdə rasional təfsir və inkişaf etdirilməsində öz əksini tapıb. Yeni şərait məsələsi əsla sadə məsələ deyil. Dünya dəyişir və getdikcə daha sürətlə başqalaşacaq. Heydər Əliyevin ideyaları keçmişlə indini birləşdirən ideologiyamızın mahiyyəti və mənasını təşkil edir və vətəndaşların biliyə, elmə və həyata şövqlülüyünün dərin səbəblərini aydınlaşdırır”.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, müstəqil müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, alimlərə verdiyi dəyərdən danışıb.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli “Heydər Əliyevin Türkiyə siyasətində “Bir millət, iki dövlət” düsturu tarixin sınaqlarında” mövzusunda çıxış edib. O dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin çoxəsrlik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olduğunu vurğulayıb. Ulu Öndərin qətiyyətli mövqeyi, zəngin irsinin öyrənilməsində hər bir tədqiqatçının, alimin ən önəmli vəzifəsi olduğunu söyləyib. Bildirib ki, Heydər Əliyev nəinki güclü rəhbər, həm də dərin fəlsəfi düşüncəyə malik şəxsiyyət idi.
Konfransda “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”, “Azərbaycanın Atatürkü Heydər Əliyev”, “Heydər Əliyevin enerji strategiyası: regional liderliyə aparan yol”, “Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Böyük Qayıdış”, “Ulu Öndər Heydər Əliyev siyasi plüralizmin və çoxpartiyalı demokratiyanın banisidir”, “Heydər Əliyev dövründə Azərbaycan qadınlarının ictimai həyatı”, “Heydər Əliyev və gənclər siyasəti” və digər mövzularda məruzələr dinlənilib.