Həsən Həsənov: “Novruzun Türk-Azərbaycan və fars adət-ənənələri çox fərqlidir”
Yeni ili qarşılamaq çoxdan bütün xalqlar üçün ən mühüm adətlərdən biri olub və bu, Azərbaycan türklərinə də aiddir.
Tədqiqatlar göstərir ki, azərbaycanlılarla farslar arasında bu ənənələr arasında çox ciddi fərqlər var, onların bir-birindən asılı olmayan öz mənşəyi və aydın fərqlər sistemi var. Bu o demək deyil ki, birininki daha yaxşı, digərininki isə daha pisdir. Söhbət ondan gedir ki, bu adət-ənənələr və mədəniyyətlər özlüyündə dəyərli olmaqla, bir halda İran, digərində isə türk xalqlarının mühüm qeyri-maddi irsidir.
Zərdüştçülük və Tenqriçilik
Fars və türk-Azərbaycan xalqlarının Yeni ili yazıngecə-gündüz bərabərliyi günündə qeyd etmək adət-ənənələri arasındakı fərqlərin kökündə dini inanclar dayanır. Qədim farslar zərdüştiliyə, qədim türklər isə tenqriçiliyə, yəni İslamdan əvvəlki dövrdə bu xalqların etiqad etdikləri bütpərəst inanclara əsaslanır.
Fars zərdüştlüyü müqəddəs “Avesta” kitabında ətraflı təsvir edilib, tenqriçilik isə təəssüf ki, bizə öz müqəddəs kitabını miras qoymayıb, ona görə də alimlər bu barədə qədim mənbələr – yunan tarixçisi Herodotun, alban Musa Kalankaytuklunun və türk xalqlarının adət-ənənələri haqqında məlumat verən digər avropalı müəlliflərin əsərləri əsasında fikir formalaşdırırlar.
Bu mənbələrə əsaslanaraq, bir sıra milli adət və ayinlərdə, o cümlədən yaz gecə-gündüz bərabərliyi günündə Yeni ilin qeyd olunmasında zərdüştçü-fars və tenqriçi-türk ənənələri arasında fərqləri təsəvvür etmək olar.
“Avesta”da arilər-zərdüştilərin kitabda tur-turanlılar adlandırılan türk-tenqrilərə düşmənçiliyi ətraflı təsvir edilir.
Dünyada Xeyirlə Şər arasında əbədi mübarizə olduğunu təbliğ edən zərdüştçilik dini əslində bütün Xeyirlərin arilər-zərdüştlərin, bütün Şərin isə turların, turanlıların, tenqrililərin işi olduğunu əsas gətirərək, etiqad düşmənçiliyini təbliğ edir.
Novruz sözü əslində yeni il deyil, yeni gün deməkdir. Qədimdə farslar hər ayın birinci gününə Novruz deyərdilər. Yalnız 11-ci əsrdən etibarən Yeni ilin qarşılanması bayramı da belə adlandırılmağa başlandı.
Türklər isə yeni ili qarşılama bayramını ilk olaraq Bayram adlandırırdı, 11-ci əsrdən başlayaraq isə onu Novruz bayramı adlandırmağa başladılar. Bu sözün etimologiyası və ona Novruz sözünün əlavə edilməsinin səbəbi barədə daha sonra məlumat verəcəyik. Hələliksə bu yazıda yaz gecə-gündüz bərabərliyi gününün qarşılanmasının zərdüşti-fars və tenqriyan-azərbaycan variantlarının ritualları və mahiyyətindəki fərqləri təqdim edirik.
Türk və fars adət-ənənələrində Yeni ilin gəlişi
Azərbaycanlılar ənənəvi olaraq Yeni ili yaz gec-gündüz bərabərliyi günündə qeyd edirlər ki, bunu orta əsr müəllifləri – Əl-Biruni, Nəsirəddin Tusi və Uluqbekin məlumatları da təsdiqləyir.
E.ə. I əsrin Çin mənbələri xəbər verirlər ki, türklər yeni ilin başlanğıcını yaşıllıqların yeni-yeni göründüyü vaxt, yəni yazın başlanması ilə qeyd edirdilər.
Fars ənənəsində isə qədim zamanlardan XI əsrə qədər yeni il yazda deyil, iyunun 22-si Yay gündönümü günündə qeyd olunurdu.
Əl-Biruni (973-1050) xəbər verir ki, mifik fars padşahı Cəmşid yeni il bayramını fars təqviminə uyğun olaraq Fərverdin-Maha ayının, yəni yayın birinci ayının birinci gününə təyin etmişdi və bu da Günəşin Xərçəng bürcünə daxil olması (22 iyun) ilə üst-üstə düşür.
Zərdüştçülüyün farsların dövlət dini olduğu bütün dövr ərzində və daha sonra XI əsrə qədər farslar yeni ili iyunun 22-də qeyd edirdilər.
Yay gündönümü və ya yaz gecə-gündüz bərabərliyi?
Hansı səbəbə görə türklər yeni ili ilkin olaraq baharın başlanğıcı (martın 22-si), farslar isə yayın başlanğıcı (22 iyun) ilə qeyd edirdilər?
Əl-Biruni qeyd edir ki, ilin əvvəli kimi gündönümünü (yay və ya qış) götürmək daha məqsədəuyğundur, çünki gecə-gündüz bərabərliyi ilə müqayisədə onu adi gözlə müəyyən etmək daha asandır. O əlavə edir ki, gecə-gündüz bərabərliyi gününü yalnız astronomiyadan xəbərdar olanlar və astronomik alətlərdən istifadə edə bilənlər təyin edə bilərlər. Buradan belə çıxır ki, qədim zamanlarda astronomik alətləri mənimsəyən insanlar onların köməyi ilə gecə-gündüz bərabərliyi gününü (martın 22-ni) təyin edə bilirdilər, belə bacarığı olmayanlar isə yeni ili yay gündönümü günü (22 iyun) qeyd edirdilər.
Ən azı 6-cı əsrdən etibarən qüvvədə olan türk təqvimi haqqında Əl-Biruni və Nəsirəddin Tusinin məlumatlarında açıq şəkildə qeyd olunur ki, türklərdə Yeni il mart ayında, yaz gecə-gündüz bərabərliyi günündə başlayır.
Zərdüştçülərin “Bundahişn” kitabında (IX əsr) yazılır ki, zərdüştçülük ili altı bayram dövrünə (qahanbərlər deyilirdi – red.) bölünür və bunlar yazın ortası, yayın ortası, məhsul yığımı bayramı, mal-qaranın yay otlaqlarından qayıtması bayramı, qış ortası, Fravartişin şərəfinə ritualdır. Bu da onu deməyə əsas verir ki, zərdüştilərdə yazın başlanğıcı, yəni yaz gecə-gündüz bərabərliyi günü şərəfinə bayram olmayıb. Bu siyahıdan da göründüyü kimi, yaz gecə-gündüz bərabərliyi zərdüştçü mənbələrdə yeni ilin başlanğıcı kimi qeyd olunmur. Farslar yalnız İslam dövründə, XI əsrin əvvəllərində Səlcuq imperiyasının tərkibində olduqları zaman türk sultanı Məlik şahın qərarı ilə Novruz bayramını mart ayında qeyd etməyə başlayıblar. Zərdüştilərin özləri isə, görkəmli zərdüştçü alim Meri Boysun fikrincə, Yeni ili mart ayında yaz gecə-gündüz bərabərliyi günündə qeyd etmək qərarına yalnız 20-ci əsrin əvvəllərində gəliblər.
Novruz neçə gün qeyd olunur?
Fars-Zərdüştçü və Azərbaycan-Tenqriçi ənənələrində bayramların sayı da fərqlidir.
Azərbaycanlılar üçün bayram 8 bayram günündən ibarətdir ki, bunlardan biri yaz gecə-gündüz bərabərliyi gününün özüdür, digər yeddisi isə bayramdan əvvəlki dörd çərşənbə axşamı və ondan sonrakı üç çərşənbə axşamıdır.
Farslarda isə bayram, XI əsrdən etibarən, yaz gecə-gündüz bərabərliyi günündən başlayır və ardıcıl altı gün davam edir.
Bayram ritualları
Azərbaycanlılar və farslar arasında yeni ilin qarşılanmasının ritual sistemi də çox fərqlidir.
Əl-Biruni farsların Novruz adət-ənənəsinə aid bayram mərasimləri haqqında belə yazır: “Novruz günü padşah şənliyi başlatdı və sadə insanlara onların yanında oturub onlara mərhəmət göstərəcəyini bildirdi. İkinci gün isə o, bir pillə yuxarıda dayananları, yəni dehqanları (torpaq sahiblərini – red.) və zadəgan ailələrinin üzvlərini, üçüncü gün atlıları və ali dindarları, dördüncü gün evinin üzvlərini və qohumlarını, beşinci gün oğulları və müştərilərini qəbul etdi. Hamıya layiq olduğu qədər lütf edilirdi və hər kəs padşahdan hədiyyələr və mükafatlar alırdı. Altıncı gün gələndə isə padşah ehtiyacların ödənməsini başa çatdıraraq özü-özünə Novruz bayramını təşkil edirdi ki, bu mərasimə yalnız ona yaxın olanlar, padşahla tək qalmağa layiq adamlar qatıla bilirdi”.
Elə Ömər Xəyyam (1048-1131) da “Novruznamə” adlı əsərində bayramın təxminən eyni təsvirini verir. Əl-Biruni və Ömər Xəyyamın yazdıqlarını nəzərə alsaq, farsların Yeni il bayramı olan Novruz əsasən fars şahının özünün və yaxın ətrafının bayramı olub.
Gəlin indi də yaz gecə-gündüz bərabərliyi gününün qarşılanmasının Azərbaycan variantının strukturunu təsvir etməyə çalışaq. Azərbaycan versiyasının əsas sistem xüsusiyyəti səkkiz bayram gününün olmasıdır ki, onlardan biri məhz yaz gecə-gündüz bərabərliyi gününə, qalan yeddisi isə bayramdan əvvəlki və sonrakı çərşənbə axşamlarına düşür. Bayram çərşənbələrinin hər birinin özünəməxsus ritual versiyası var (Əl-Biruninin yazdığına görə, farslar həftələrdən istifadə etmirdilər, ona görə də ilk vaxtlar onlarda, ümumiyyətlə, çərşənbə axşamı günləri olmurdu).
Azərbaycan versiyasında səkkiz bayram gününün hamısı səkkiz Tenqriçi bütpərəst tanrısına həsr olunub.
Yaz gecə-gündüz bərabərliyi günü qeyd olunan əsas bayram Günəş tanrısına həsr olunur. Bayramdan əvvəlki dörd çərşənbə axşamı Tenqriçi bütpərəstlik tanrılarına – Səma (Hava), Su, Yer və Od tanrılarına həsr olunur.
Əsas bayramdan sonrakı üç bayram çərşənbəsi insan hisslərini və davranışlarını təcəssüm etdirən Tenqriçi bütpərəst tanrılarına həsr olunurdu. Bu əcdadlardan gəlmə mədəniyyətdir – falçılıq, xeyriyyəçilik və qurban kəsməkdir. Müəyyən tarixi reallıqlara görə, 19-20-ci əsrlərin qovşağında bu üç çərşənbə axşamının qeyd edilməsi yaz gecə-gündüz bərabərliyi günü ilə birləşdirilib.
Bayramın Azərbaycan variantında fars variantında gördüyümüzdən fərqli olaraq, padşahın üstünlükləri yoxdur, prioritet təbiət qüvvələrinin və insan hisslərinindir, əhalinin bütün təbəqələri də bərabərdir. Azərbaycan-Tenqriçi ritualı mahiyyətcə Yeni il şərəfinə ümumxalq şənliyidir.
Tonqal nə vaxt qalanır?
Azərbaycanlılar yaz gecə-gündüz bərabərliyi günü Od tanrısının şərəfinə tonqal qalayır (İslamdan əvvəlki dövrdə bu tanrı Od Ana adlanırdı. Herodotun fikrincə, skiflər arasında od ilahəsi Tabiti adlanırdı. Müasir azərbaycan dilində bu söz “təpitmə” deməkdir. Sacda lavaş bişirmə prosesi belə adlanır).
Zərdüştçülər və müasir farslar isə yazın gəlişi şərəfinə bayram tonqalı yandırmırlar.
Zərdüştçülər tonqalı qədim fars-zərdüşti təqviminə görə dekabrın 22-dən yanvarın 22-dək olan dövrü əhatə edən Dey ayında, qışın gəlişi və qış gündönümü şərəfinə qalayırlar.
Azərbaycanlılar yaz gecə-gündüz bərabərliyi günündən bir gün əvvəl bayram tonqalı yandıraraq onun üzərindən tullanır, ritualı dualarla müşayiət edirlər.
Qədim türk adət-ənənəsinə görə, odun üstündən tullanmaqla hər bir pis və zərərli şeydən təmizlənir insan. Zərdüştçülər isə odun üstündən tullanmır və bunu böyük günah hesab edirlər. Zərdüştçülərin “Saleh Viraz haqqında” kitabında deyilir ki, zərdüştçü üçün öz altında od saxlamaq günahdır və buna görə onlar cəhənnəmə gedirlər.
Bayram süfrəsinin simvolları
Farslar bayram süfrəsini adı fars dilində S hərfi ilə başlayan nemətlərlə bəzəyirlər. Bu ənənənin formalaşmasının dəqiq səbəbi bəlli deyil. Lakin bir şey dəqiqdir ki, bu, türk xalqları üçün qəti şəkildə qəbuledilməzdir, çünki fars və türk dillərində eyni məhsulların adı müxtəlif hərflərlə başlayır.
Eyni zamanda, Azərbaycanın Yeni il süfrəsini təbiəti simvolizə edən qədim bütpərəst tanrısı Tenqrini təcəssüm etdirən şirniyyatlar bəzəyir.
Bunlar qürub edən Günəşi simvolizə edən Şorqoğal və zühur edən Günəşi simvolizə edən Şirinqoğaldır. Yaz gecə-gündüz bərabərləşməsinin əsas bayram günü olan Bayram axşamı da məhz buna həsr olunub.
Bayram süfrəsində həm də Novruzun ilk çərşənbəsində ehtiramla anılan Səmanı simvolizə edən Şəkər çörəyi, ikinci çərşənbədə ehtiramla anılan Suyu simvolizə edən, torpaqsız su ilə yetişdirilən Səməni, Novruzun üçüncü çərşənbəsində ehtiramla anılan Yer kürəsini simvolizə edən Paxlava, dördüncü çərşənbədə ehtiramla anılan Odu simvolizə edən Şəkərbura da olur.
Novruz və Bayram və ya Novruz Bayramı
Yeni il bayramının Azərbaycan variantı olan yaz gecə-gündüz bərabərliyi gününə Bayram deyilir. Mahmud Kaşğari (XI əsr) yazır ki, Bayram türklərə məxsus bayramdır. Onun adı qadınların qoruyucu ilahəsi olan Bayın (türk mifologiyasında bu ilahə Umay da adlanır) adından əmələ gəlir.
Mahmud Kaşğariyə görə, Bayram sözü türklərin bütpərəst tanrısı olan Bayat teonimindən əmələ gələn “Bay” komponentindən ibarətdir. Sözün ikinci hissəsi olan “Ram” “Aram” sözündən əmələ gəlib. Uyğurların müasir təqvimində mart ayının adı belədir. "Aram" sözü qədim türk dilindən tərcümədə "keçmişlə yeni il arasındakı dövr"ü bildirən "ara" sözündən əmələ gəlib. Bundan əlavə, çuvaş, qırğız, qazax, qaraqalpaq, türkmən, özbək, tuva, başqırd, tatar dillərində “aram” sözü sehrli, möcüzəli, ayinlər, əlamət, əlamətlərə inam, qabaqcadan hiss etmə, nişanə kimi mənalara malikdir.
Beləliklə, türk mənşəli “Bayram” sözü aşağıdakı semantikaya malikdir: “köhnə il ilə yeni il arasındakı intervalda yerləşən Bayat ilahəsinə ehtiram ayı, həmçinin əlamət və nişanələr ilahəsi Bayatın ayı”.
Fars variantında Yeni il bayramı Novruz adlanır. Biruni ona belə tərif verir: "Fərverdin-Mah ayının birinci günü Nəvruz adlanır. Bu, yeni ilin birinci günüdür və onun farsca adı məhz bu mənanı verir”. Qədim dövrlərdə fars ənənəsində ilin deyil, hər ayın birinci günü belə adlanırdı.
Yuxarıda deyilənlərdən göründüyü kimi, farslarda və azərbaycanlılarda təkcə Yeni il bayramının ayinləri və dünyagörüşü anlayışları deyil, hətta onun adlarının semantikası da fərqlənir. Eyni zamanda, farslarda bayramın adı sırf təqvim xarakteri daşıyır, “yeni gün” mənasını verirsə, türklərdə (Bayram) təbiətdəki dəyişiklikləri əks etdirir və semantik olaraq bütpərəst tanrılarla əlaqələndirilir.
Təqvim islahatı
Yuxarıda qeyd etdiyimiz kimi əfsanəvi fars padşahı Cəmşidin qərarına əsasən, Yeni il iyunun 22-nə - yay gün dönümü gününə təyin edilib. Amma indi farslar da azərbaycanlılar kimi Yeni il bayramını martın 22-də - yaz gecə-gündüz bərabərliyi günündə qeyd edirlər. Sual yaranır ki, bu birləşmə nə vaxt baş verib?
1079-cu il martın 15-də Oğuz-Səlcuq sultanı Məlikşahın qərarı ilə Ömər Xəyyamın başçılıq etdiyi astronomiya komissiyası farsların Yeni il bayramı olan Novruzun qeyd olunmasını yay gecə-gündüz bərabərliyi günündən yaz gecə-gündüz bərabərliyi gününə keçirib.
Daha doğrusu, Ömər Xəyyam təkcə bayramın vaxtını dəyişməyib, həm də fars təqvimində islahat aparıb və Fərverdin-Mah ayını yayın ilk ayından yazın ilk ayına keçirib.
Beləliklə, Səlcuqların apardığı islahat nəticəsində ilkin olaraq, günəşin Xərçəng bürcündə olduğu zaman - iyunun 22-də qeyd olunan Fars Yeni ili - Novruz və həmişə martın 22-də - günəşin Qoç bürcündə olduğu zaman qeyd olunan Türk Yeni ili - Bayram bir təqvim günündə birləşib. Azərbaycanda yaz gecə-gündüz bərabərliyi gününün adı isə iki bayramın adının birləşməsi nəticəsində Novruz Bayramı adını alıb.
Beləliklə, iddia etmək olar ki, bir-birindən əsaslı şəkildə fərqlənən Yeni ilin qarşılanmasının iki fərqli versiyasının mövcudluğunu etiraf etmək daha düzgün olardı.
Türk xalqlarının Yeni il Bayramı lap əvvəldən martın 22-də - yaz gecə-gündüz bərabərliyi günündə qeyd edilib, farsların Yeni ili olan Novruz isə ilk olaraq yay gün dönümü günü - iyunun 22-də qeyd olunub. Yalnız 1079-cu ildə Səlcuq sultanı Məlikşahın qərarı ilə fars Yeni ili Ömər Xəyyam tərəfindən iyunun 22-dən martın 22-nə keçirilib.
Oğuz-Səlcuq sultanı Məlikşah onun imperiyası daxilində yaşayan bütün xalqların Yeni ilin qarşılanmasını hakim sülalə eyni gündə - yaz gecə-gündüz bərabərliyi günündə qeyd etməsini istəyirdi.
Məlikşahın əmri ilə farslar Yeni il bayramını iyunun 22-dən martın 22-nə keçirdilər, lakin yuxarıda təsvir etdiyimiz bütün qədim adət-ənənələriniqoruyub saxladılar. Bu fərqlər bu bayramların hər birinin ayrıca, müstəqil inkişafını tanımağa əsas verir.
Beləliklə, yaz gecə-gündüz bərabərliyi gününün Yeni il kimi qeyd olunmasının fars və Azərbaycan variantı arasında fərqin olması türk xalqlarının qeyd etdiyi Novruz bayramının Azərbaycan variantının yer üzündə ən qədim bayramlardan biri olduğunu deməyə əsas verir. Bundan əlavə, bunun Zərdüştiliklə heç bir əlaqəsi yoxdur və Yeni ilin qarşılanmasının fars versiyasından çox fərqlidir.
Həsən Həsənov,
Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının üzvü, diplomat