Geoloqlar bir sıra ərazilərdə titanlı qumdaşlarını tədqiq ediblər
Maqmatik və nadir torpaq elementlərinin aşkarlanması məqsədilə Gədəbəy, Daşkəsən, Göygöl, Lerik, Astara rayonlarında çöl tədqiqatları aparılaraq süxur nümunələri götürülüb və onların üzərində uyğun laborator analizlər yerinə yetirilib.
Bu barədə Geologiya və Geofizika İnstitutunun Elmi şurasının 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabat iclasında AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının geoloji komplekslərinin müxtəlif strateji xammal (nadir torpaq elementləri, titan-maqnetit qumdaşları) perspektivliyinin elmi qiymətləndirilməsi (2021-2022)” mövzusunda məruzəsində bildirib.
Məruzəçi bildirib ki, həmçinin titan filizləşməsi üzrə Şəmkir, Daşkəsən qalxımı hüdudlarında, Lənkəran-Astara sahilyanı ərazilərində titanlı-maqnetetli və titanlı avqet-maqnetetli qumdaşları tədqiq edilib. Ağcakənd əyilməsi hüdudlarında və digər obyektlərdə də icra olunmuş tədqiqatlar nəticəsində qumdaşlarının tərkibi müəyyənləşdirilib.