Elm uzaq görənlikdir-Vacib araşdırma
Bu yazını 1932-ci ildə The Open World, kitabında dərc edilmiş bir fəlsəfi fikirlə başlamaq istərdim. Bu fikir müxtəlif alimlərin apardığı araşdırmalar nəticəsində Mütləq Həqiqət (Allah) anlayışı ilə bağlıdır.
“Allah kamil sonsuzluq (nəhayətsizlik) olduğundan ağılla dərk edilə bilməz və edilə bilməyəcəkdir. Nə Allah insana vəhylər vasitəsilə nüfuz edə bilər, nə də insan Allahı qavrayışla anlamağa qadirdir. Kamil sonsizluğu ( nəhayətsizliyi) biz yalnız əlamətlər və elmlə ifadə edə bilərik”.
Bu dərin fikirdə elmin ilahi güçü və təbiətdə baş verən ən mürəkkəb prosesləri idarə etmək imkanları ifadə olunur.
Elm sonsuz, amma tamamlanmamış bir anlayışdır. İnsanın elmi fəaliyyətinin mənası və vəzifəsi elmin insan həyatının yaxşılaşdırılmasına xidmət etməyə yönəltməkdən ibarətdir.
Nə etmək lazımdır ki, elmimiz və xüsusən, Azərbaycan Milli Elmlər Akademiyası yaranmış ağır vəziyyətdən çıxıb, ölkəmizə, onun inkişafına və güclənməsinə xidmət etsin. Məhz, indi, 44 günlük müharibədəki şanlı qələbəmizdən sonra elmimiz cənab Prezident İlham Əliyevin müəyyən etdiyi postmüharibə dövrünün inkişaf konsepsiyasının reallaşmasına öz töhfəsini verməlidir.
Elmin inkişafı üzrə yol xəritəsi
İlk öncə, "Elmin inkişafı üzrə Yol Xəritəsi" hazırlanmalı və burada diqqət daha çox dövlət əhəmiyyəti kəsb edən, beynəlxalq elm aləmi tərəfindən qəbul olunan perspektivli sahələrə yönəldilməlidir. Eyni zamanda, lokal xarakter daşıyan istiqamətlər də nəzərdən qaçmamalıdır.
Elmin inkişafı üzrə yol xəritəsi hökumətin əsas yol xəritəsinin bir hissəsi kimi nəzərdə tutula bilər, AMEA-nın və ümumiyyətlə, elmin inkişafının yaxın, orta və uzun müdfət üçün perspektivlərini müəyyən etməlidir.
Yol xəritəsi ilk öncə prioritet sahələri özündə əks etdirməlidir. Amma bu o demək deyil ki, əvvəllər olduğu kimi, müxtəlif institutlardan təklifləri toplayıb formal olaraq bir sənəd hazırlanacaq. Bu yolu biz keçmişik və təcrübə göstərdi ki, heç nəyə nail olmadıq. Konkret sahələr müəyyən olunmalıdır və qrantlar bu istiqamətlərə yönəldilməlidir. Bu mərhələdə əlavə vəsaitlərin ayrılmasına ehtiyac yoxdur, sadəcə qrantlar müəyyən istiqamətə yönəldilməlidir. Məsələn, tətbiqi riyaziyyat və informatika texnologiyaları istiqamətində qrantlar ilk öncə ağıllı şəhər və qəsəbələrin yaradılmasına yönəldilməlidir. Belə qrantların çərçivəsində xüsusi qrafa ilə qrant iştirakçılarının bu sahədə dünyanın aparıcı şirkətlərinə ezamiyyəti nəzərdə tutulmalıdır. Məsələn, İsraildə bu sahədə böyük uğurlar əldə edilib və onların təcrübəsindən istifadə etmək faydalı plardı. Hətta, belə şirkətlərin nümayəndələrinində bu qrantların yerinə yetirilməsində iştrakı məqsədə uyğun olardı. Digər tərəfdən, belə qrant layihələrində Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin və digər təşkilatların iştrakı məqsədə uyğun olardı. Bütün sahələrdə müxtəlif maraqlı olan təşkilatlarla inteqrasiya olmalıdır və bu işdə dövlət maraqlarına üstünlük verərdi. Bu proses addım-addım, inkişaf istiqamətini müəyyən edərək həyata keçməlidir. Uzun illər AMEA-da prioritet sahələrin müəyyən edilməsi formal xarakter daşımışdır, ona görə də heç bir nəticə verməmişdir. SSRİ-də qəbul edildiyi kimi bütün sahələrə eyni önəm verilirdi və təbii ki, belə yanaşma heç bir faydalı nəticə vermirdi.
Digər misalı humanitar sahədən gətirə bilərik. Məsələn, artıq 30 ildir ki, biz müstəqil dövlətik, amma bu günə qədər Azərbaycan dilinin izahlı lüğəti, ölkəmizin əhatəli coqrafi xəritəsi və digər lazımı nəşrlər hələ akademik səviyyədə hazırlanmayıb. Belə nəşrlərə böyük ehtiyac var. Bizim alimlər dünyanın palçıq vulkanlarının, Qarabağın Atlaslarını yüksək səviyyədə hazırlamışdır. Bu o deməkdir ki, elm sahəsində hələ gücümüz qalıbdır, amma bu güc gündən günə əriyib gedir. Belə misallar gətirmək çox olar, əsas odur ki, bu sahələr təcili olaraq inkişaf olunmalıdır. Bir ya hətta, bir neçə məqalədə bütün problemləri əhatə edib həll yollarını göstərmək mümkün deyil. Bu məsələlərə ciddi yanaşıb, AMEA-da xüsusi bir qurum yaradılmalıdır və bu qurum kollektiv ağıldan bəhrəlınərək Yol xəritəsinin hazırlanması ilə məşqul olub onun həyata keçirilməsinə ciddi nəzərət edilməlidir. Bu quruma alimlər tutduqları vəzifəyə görə seçilməməlidirlər. Yol Xəritəsində hökumətin müvafiq strukturları ilə razılaşdırılmaqla, konkret dövlət əhəmiyyətli sahələr və məsələlər göstərilməlidir.
Əvvəllər qeyd etdiyim kimi, əsas diqqət və ümumi yanaşma RNBİK texnologiyaların həyata keçməsi yönəldilməlidir. Burada
R – riyaziyyat,
N – nano,
B – bio,
İ – informasiya texnologiyaları və
K – insan və canlıların şüurunu və davranışını öyrənən koqnitiv texnologiyalardır.
Bu istiqamətdə təbiət proseslərinin öyrənilməsi üçün riyazi modellərin qurulması zəruridir. Hələ Qaliley deyirdi ki, təbiətin qanunları riyazi dildə yazılıb, ona görə riyazi modellərin qurulması təbiətdə baş verən prosesləri öyrənib idarə etməyə imkan yaradır.
Yuxarıda deyilənlər fundamental elmlərə aiddir. Amma bu heç də o demək deyil ki, biz humanitar sahədən imtina etməliyik. Biz 30 il bundan öncə müstəqilliyimizi qazanmışıq və bizim üçün dilimizin inkişafı, tariximizin dəqiqləşdirilməsi, ədəbiyyatımızın və digər humanitar sahələrin inkişafı fövqaladə vacibdir. Humanitar sahələrin inkişafı dövlətçiliyin möhkəmlənməsinin bir istiqamətidir.
Elmə maliyyə dəstəyi lazımdır
Bu gün gənc və qabiliyyətli insanlar elmə gəlmir, müxtəlif yerli və xarici şirkətlərə ya xarici ölkələrə işləməyə gedir. Bu onula bağlıdır ki, elmi təşkilatlarda və AMEA-da olan maaşlar çox aşağıdır.
Elm həm Akademiyada, həmdə ali məktəblərdə yaşlanır. Bu boşluğu doldurmaq üçün təcili islahatlara və elmə edilən maliyyə dəstəyinə böyük ehtiyac var. Məsələn, həll yollarından biri, ildən - ilə elmi işçilərin maaşlarını qaldıraraq müəyyən bir məqsədə çatmaq olardı. Bu gənclərin elmə gəlişini gücləndirərdi.
2008-ci ildə Rusiya elmlər Akademiyasında belə layihə həyata keçirildi və Akademiyada çalışan elmi işçilərin orta maaşı 1.000 dollara çatdırılmışdır. Digər yol, addım - addım dövlət büdcəsindən elmə ayrılan vəsaitləri büdcənin 2% çatdırmq olardı. 20 il bundan öncə Rusiyada belə bir qanun qəbul olundu və bu gün elmə ayrılan vəsaitlər dövlət büdcəsinin 2.41% təşkil edir, qərb ölkələrində bu faiz daha yüksəkdir. Sevindirici haldır ki, Azərbaycanda 2022-ci ildə elmə ayrılan vəsaitlər (2021-ci illə müqaisədə) 10% artırılmışdır, amma buna baxmayaraq büdcənin 0.7% təşkil edir. Məlumdur ki, əgər elmə ayrılan vəsaitlər büdcənin 1% təşkil edərsə, elm çətinliklə fəaliyyət göstərir, 1.5% olarkan elm özünü doğruldur , 2% və daha yüksək olarkan elm gəlir gətirən sahəyə çevirilir.
Bu gün Azərbaycanda ali məktəblərdə və AMEA-da eyni vəzifələrdə çalışan elmi işçilərin maaşları arasında böyük fərq var. Aydındır ki, AMEA-da elmin səviyyəsi daha yüksəkdir, çünki ali məktəblərdə çalışanlar tədrisə çox zaman ayırırlar. Amma ali məktəblərdə ödənişli tələbələrin hesabına müəllimlərin maaşına əlavələr (bəzi hallarda ciddi) olunur. Əgər BDU ya UNEC-də çalişan professorların maaşlarını AMEA-da çalışan professorların maaşı ilə müqaisə etsək, fərq 500-600 manat təşkil edir, yani ən azı 50%. Mən qəti sürətdə müəllimlər maaşlarının azaldilmasının tərafdarı deyiləm, hətda daha yüksək olmasının tərafdarıyam. Amma AMEA-da çalışan alimlərinində maaşları buna uyğun olmalıdır. Həll yollarının biri o ola bilərdi ki, AMEA-da çalışan alimlərə vəzifə maaşına əlavə olaraq elmlər doktoru dərəcəsinə 700 manat, fəlsəfə doktoru elmi dərəcələrinə 500 manat vermək olardı. Bu planı həyata keçirmək üçün AMEA-ya əlavə olaraq 15 million manat ayırmaq lazımdır və dövlət baxımından böyük bir vəsait deyil. Belə yanaşma gənc və istedadlı alimlərin AMEA-ya axınını gücləndirərdi.
Elm və islahatlar
İslahatları həyata keçirilməsi vacib məsələdir, çünki elmdə islahatları olmayan ölkə elm və təhsili yüksək olan sivil ölkələrin apendiks əlavəsinə çevrilə bilər.
Elmdən uzaq olan bəzi insanlar düşünürlər ki, əgər elmin idarə edilməsi yaxşı biznesmenlərə və menecerlərə verilsə hər şey öz yerinə gələr. Yəni menecerlər elmə ayrılan vəsaitləri lazımı istiqamətə yatıracaq və elm gəlir gətirəcək. Biznes idarə edir və onun məqsədi gəlir əldə etməkdir. Elmin məqsədi isə tam fərqlidir. Elm yeni və bəzi hallarda gözlənilməz bilikləri əldə edib istifadə edir. Bəşəriyyətin inkişaf yolu göstərir ki, bu gözlənilməz biliklər bəzi hallarda görünməyən gəlirlər gətirir. Bir sual ortaya çıxır. Görəsən adı gedən menecerlər, ya iş adamları XX əsrin əvvəllərində atom fizikasına, kvant mexanikasına, biologiyaya, yaşıl inqilaba yatırımlar edərdilərmi? Onlar Nils Borun, Albert Einşteynin, Verner Qeyzenbergin işlərinə maliyyə ayırardımı? Onlar Lui Paster kimi öz üzərlərində elmi təcrübə aparardılarmı? Təbii ki yox.
Amma, məhz, adı çəkilən və digər alimlərin qəhrəman və fədakar fəaliyyətləri dünya elminə misilsiz töhvələr verdi. Nəticədə dünyada böyük tərəqqi və kardinal dəyişiliklər baş verdi, insanların həyatı dəyişdi. Ona görə aydındır ki, heç bir iş adamı ya menecer elmi idarə edə bilməz. Elmi tanınmış alimlər, elmə bağlı olan, onun gələcəyini görən şəxslər idarə etməlidir. Yaxşı iş adamı ya menecer poeziya ya musiqini idarə edə bilərmi? Əlbətdə yox. Tanınmış musiqiçilərin, yazıçıları və şairlərin yaratdığı əsərlər (maddi deyil) çox önəmli olan mənəvi gəlir gətirir və yüz illər yaşayaraq, insanı mənəvi cəhətdən zənginlışdirir, formalaşdırır, yeni dövr yaradaraq bəşəriyyatın əqli mülkiyyətinə çevrilir. Ona görə elmin idarə olunmasının menecerlərə verilməsi artıq çırlaşmış bir ideyadır. Elm bürokratiya və buznes çərçivəsində inkişaf etməməlidir və edə də bilməz.
Elmdə yaş amili və dövlət dəstəyi
Digər məsələ Azərbaycan elmində 35-60 yaş arası olan uçurumdur. Bu yaş elm üçün çox önəmlidir. Çünki məhz, bu yaşda elm təşkilatçıları və alimlər önəmli əsərlərini yaradır və elmi təşkilatçılıqlarını göstərirlər. Təbii ki, burada istisnalar da olur. Amma bu o demək deyil ki, təcili olaraq 35-60 yaş arası insanlar tapılıb, Akademiyaya seçilməli və elmin talehi onlara tapşırmalıdır. Bu fəlakətə aparan yoldur və nəinki Akademiyada vəziyəti yaxşılaşdırmaz, tam tərsinə Akademiyanın məhvinə gətirər. Fransızlar deyir, -"déjà vu"-, yəni biz bu yolu keçmişik. Biz də kortəbii gəncləşdirmə yolunu keçmişik və təcrübə göstərir ki, yaxşı bir şey əldə etmədik. Düşünürəm ki, təkrar belə səhvə yol verilməməlidir. AMEA unikal bir təşkilatdır və onun rəhbərliyində tanınmış, beynəlxalq aləmdə qəbul olunmuş, elmə sadiq olan və elmin dövlətə xidmət etməsini təmin edən alimlər təmsil olunmalıdır.
Bu gün elmin maliyələşməsi addım-addım dəyişməlidir və buda gənc, talantlı alimlərin elmə gəlməsinə xidmət etməlidir. Misal üçün uzağa getməyək.
Bir neçə il bundan öncə Özbəkistan rəhbərliyi bu ölkənin Elmlər Akademiyasını demək olar ki, xilas etdi. Ölkə rəhbərliyi aparıcı alimlərlə görüşdükdən sonra elmin və xüsusən Akademiyanın maliyələşməsində ciddi dəyişiliklər edildi. Bu addım Özbəyistanda elmin və Akademiyanın dirçəlişinə səbəb oldu və ölkədə elm sahəsində böyük uğurlar əldə edildi. Hətta bir neçə alim Özbəkistanın Qəhramanı kimi yüksək ada layiq görüldü. Bunun üçün əsaslar var idi, çünki XX-ci əsrin sonunda Özbəkistanda dünya şöhrətli alimlər T.A.Sarımsakov, S.H.Sirajdinov və digərləri çalışmışdır və böyük elmi məktəblər yaratmışdırlar. Dövlət dəstəyi qısa müddətdə öz bəhrəsini verdi, Özbəkistanda gənclərin elmə böyük axını müşahidə olundu və bu proses bu gündə davam edir. Şəxsən mən, son illər Özbəkistanda bir neçə doktorluq dissertasiyaların opponenti olaraq bu proseslərin canlı şahidi oldum.
Hesab edirəm ki, biz özümüzdə lazımı güc tapıb elmimizi bərpa etməliyik. Bizim dünyada tanınmış bir çox alimlərimiz olub və dünyalarını 10-15 il bundan öncə dəyişiblər. Onlardan akademiklər Cəlal Əliyevi, Ziya Bünyadovu, Toğrul Şaxtaxtinskini, Məmmədəmin Şaxtaxtinskini, Rəhim Rəhimovu və digərlərini qeyd etmək olardı. Elə bu gün də Akademiyada tanınmış alimlər çalışır. Akademiklər Arif Paşayev, Akif Əlizadə, Cəmil Əliyev, İbrahim Quliyev və d.
XX-ci əsrin 70-ci illərini yada salaq. Azərbaycan elmlər Akademiyası nüfuzlu təşkilat olaraq ölkənin inkişafına böyük töhvələr verirdi. Bir çox Azərbaycan alimi SSRİ Dövlət mükafatına, SSRİ Nazirlər Sovetinin və digər mükafatlara layiq görülmüşdürlər. Bir çox nüfuzlu elmlər forumları məhz, Bakıda keçirilmişdir. 1973-cü ildə Beynəlxalq Astronavtika Forumu (sevindirici haldır ki, bu Forum prezident İlham Əliyevin təşəbbüsü ilə 2023-cü ildə yenə Bakıda keçiriləcək), 1981-ci ildə Mendeleyev Qurultayı, 1978-ci ildə Zağulbada Ehtimal nəzəriyyəsi üzrə Beynəlxalq konfrans və digərləri. Bu elmi Forumlarda dünyanın tanınmış alimləri iştrak edirdi, bu isə Azərbaycan elminə və alimlərinə böyük hörmət əlaməti idi. Sözsüz ki, bu elmi Forumların təşəbbüskarı, elmin dövlətin inkişafı üçün nə qədər önəmli olmasını dərin anlayan, unudulmaz liderimiz Heydər Əliyev idi.
Mən əminəm ki, ölkəmizin bu günkü rəhbərliyi, məhz, elmi mühitdə formalaşmış və elmi dərindən anlayan şəxslərdir. Hesab edirəm ki, yaranmış vəziyyətdə təkliflər aşağıdan yuxarı, yəni alimlərimiz tərəfindən dövlətin müəyyən strukturlarına verilməlidir və bundan sonra milli maraqları nəzərə alan qərarlar qəbul olunmalıdır.
Yaranmış vəziyyətdə çıxış yolunu özümüz tapmalıyıq, bu yöndə Akademyanın üzvləri biganə qalmamalı və öz təkliflərini içtimai və elmi müzakirəyə çıxarmaqdan çəkinməməlidirlər. Təəssüf ki, bir neçə həmkarımız istisna olmaqla bu təşəbbüskarlığı görmürük.
Necə deyərlər, artıq masaya elmimizin və dövlətimizin inkişafına xidmət edən Akademiyanın taleyi qoyulub.
Akademiyanın taleyindən narahat olan, aparıcı alimlərimizi bir araya gətirib yaranmış vəziyyəti və çıxış yollarını müzakirə etmək faydalı olardı.
Bismark deyirdi ki, əgər inqilab olacaqsa, onu özümüz etməliyik. Ona görə elmdə islahatlar qaçılmazdır və bu islahatları həyata keçirmək alimlərimizin borcudur.
Zaman gözləmir, tələsmək lazımdır.
Elmi kəşflər adətən, böyük zaman kəsiyini müəyyən edir, təbiətdə gedən prosesləri idarə edə bilir, yeni dövr yaradır və bəşəriyyətin dünyaya olan baxışına təsir edir.
Təbiətdə elmdən böyük yaradıcı qüvvə yoxdur. Hər bir rəssam və ya şair yaratdığı əsərinin alimin kəşflərindən faydalı və üstün olmasını yalnız arzu edə bilər.
Elmin gücü və gözəlliyi faydalı yaradıcılığındadır, mənsub olduğu dövlətin güclənməsinə, cəmiyyətin inkişafına və rifahının yüksəlməsinə xidmət etməsindədir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisinin Baş katibi, AMEA-nın akademiki,
Ümumdünya elmlər Akademiyasının üzvü
Asəf Haciyev