“Əlişir Nəvai və XXI əsr” - Ədəbiyyat İnstitutunda konfrans
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib. Konfrans Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, tədbirdən öncə Əlişir Nəvaiyə həsr olunmuş əsərlərdən ibarət sərgiyə baxış olub.
Beynəlxalq konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Türkiyədə baş vermiş və insan tələfatı ilə nəticələnən güclü zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib. Sonra qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, “Əlişir Nəvai və XXI əsr” mövzusunda beynəlxalq konfranslar bu günə qədər yalnız Özbəkistanda keçirilib. Lakin bu il ilk dəfə Azərbaycanda təşkil edilir. Bu, qardaş ölkənin bizə bəslədiyi ehtiramın, birliyin ifadəsidir.
Alim diqqətə çatdırıb ki, XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq ədibin əlyazmaları, əsərləri ölkəmizdə geniş yayılıb, tədqiqata cəlb olunub və xalqımız tərəfindən Füzuli, Nəsimi səviyyəsində qəbul olunur. Səməd Vurğunun “Əlişir Nəvainin Özbəkistanda doğulduğunu bilməsəydim, hesab edərdim ki, o, azərbaycanlıdır” - sözlərini xatırladan akademik bu gün də ölkəmizdə Nəvai irsinin dərindən öyrənildiyini söyləyib. Həmçinin 2020-ci ildə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açıldığını və uğurla fəaliyyət göstərdiyini deyib. O, Nəvai ilə bağlı tədqiqatların Azərbaycan-Türkiyə-Özbəkistan münasibətlərinin ən gözəl təzahürü olduğunu qeyd edib.
Sonra Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şuxrat Sirojiddinova həmin universitetdəki Füzulinin adını daşıyan mərkəzdə sərgilənməsi üçün Məhəmməd Füzulinin portreti əks olunan xalça hədiyyə edilib.
Professor Şuxrat Sirojiddinov təmsil etdiyi universitetin Ədəbiyyat İnstitutu ilə əlaqələrindən danışıb.
Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan Milli Elmlər Akademiyasına konfransın təşkilinə görə təşəkkür edib. “Nizami Gəncəvi ilə Əlişir Nəvainin müqayisəli şəkildə tədqiq olunmasını əhəmiyyətli hesab edirəm. Füzuli Nəvaini öz ustadı bilib, Nəvai də Nizamini ustadı qəbul edib. Səfirlik də mədəni əlaqələrin inkişafına öz töhfələrini verməyə hazırdır”, - deyə səfir bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışı zamanı deyib: “Nəvainin ikinci vətəni Azərbaycanda böyük özbək şairi, türk dünyasının tanınmış şairi Əlişir Nəvainin doğum gününü qeyd edirik. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”si birinci dəfə özbək dilinə tərcümə olunub. Fəxrlə demək istəyirik ki, Nəvainin də “Xəmsə”si professor Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Mərkəzin layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində ilk dəfə Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılmasına qərar verilib”.
Konfransın açılışında Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov, İstanbul Mədəniyyət Universitetinin professoru Vahid Türk, Macarıstanın Etvos Loran Universitetinin kafedra müdiri Benedik Peri və Cənubi Koreyanın Dongduk Universitetinin professoru Oh Eun-Kyung çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, eləcə də konfransın əhəmiyyətindən danışıb, ölkəmizdə Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndiriblər. Eyni zamanda, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Ramiz Əskər, Elman Quliyev və Yaşar Qasımbəyli çıxışlarında görülən işlərdən və qarşıda duran planlardan bəhs ediblər.
Beynəlxalq konfrans panel iclasları ilə davam edib.