
Əgər övladınızın istedadı varsa bunu oxuyun



Gələn tədris ilindən Bakının iki gimnaziyasında - Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada şagird qəbulunun yalnız yuxarı siniflərdən aparılmasına başlanacaq.
Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, adiçəkilən məktəblərdə təmir işləri bitdikdən sonra xüsusi istedadlı uşaqların cəlb olunması üçün həmin müəssisələrə şagird qəbulu V-VII siniflərdən aparılacaq. Bununla da həmin məktəblərdə məhz xarici dil təmayülünə uyğun şagirdlərin düzgün seçilməsi və onların təhsilinin təşkili təmin ediləcək.
Nazirliyin şöbə müdiri əlavə edib ki, 2015-2016-cı tədris ili üçün artıq 4 məktəbdə - Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-Biologiya Təmayüllü Respublika Liseyi, A.S.Makarenko adına Humanitar Fənlər Rəmayüllü Respublika Gimnaziyası və Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına şagird qəbulu V-VII siniflərdən aparılıb: "Orta təhsildə təmayülləşmə yuxarı siniflərdə baş verir, I sinifdən şagirdlərin qəbulu heç bir məna kəsb etmir. Buna görə də artıq bu məktəblərdə şagird qəbulu V-VII siniflərdən həyata keçirilib".
Milli.Az