Bu gündən sonra abituriyentin balı necə hesablanacaq? - Açıqlama
Bu tədris ilində XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.
Milli.Az bildirir ki,Trend-in məlumatına görə, bunu təhsil naziriCeyhun Bayramovdeyib.
Nazir bildirib ki, cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar:
"Yeni məzmun yeni qiymətləndirmə tələb edir. Məhz bu səbəbdən də bu il tam orta təhsili başa vuran məzunlarımız buraxılış imtahanlarını yeni formatda verəcəklər. Əlavə olaraq ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq. İmtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həll etmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək. Biz beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də görürük ki, bu bacarıqlar şagirdlərimizdə daha aşağı səviyyədə formalaşıb. Hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqədə imtahanların yeni formatı istiqamətində əməkdaşlıq edirik".
Yeni modelin mahiyyətini açıqlayan C.Bayramov əlavə edib ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur.
C.Bayramovun sözlərinə görə, əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi.
O, qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
Milli.Az