
Bakıda qız məktəbinin yaradılmasının təşəbbüsçüsü - Rəhilə Hacıbababəyova



Milli Azərbaycan Tarixi Muzeyində Bakıda qız məktəbinin yaradılmasının təşəbbüsçüsü, görkəmli pedaqoq Rəhilə Hacıbababəyovaya məxsus fotoşəkillər qorunur.
Bu barədəAZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, XX əsrin əvvəlinə aid ilk fotoda III rus-müsəlman qız məktəbinin müəllimləri, o cümlədən Rəhilə Hacıbababəyova təsvir olunub.
Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin təsisçisi olmuş Rəhilə Hacıbababəyova 1882-ci il avqustun 13-də Tiflisdə dünyaya göz açıb. Bu şəhərdə Müqəddəs Nina məktəbini bitirib. 1910-cu ildə onun təşəbbüsü ilə azərbaycanlı qızlar üçün ikiillik məktəb açılıb. Bu təhsil ocağı 1914-cü ildə ibtidai məktəbə çevrilib. Rəhilə xanım həmin məktəbin direktoru olub. O, 1925-ci ildə Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı Mərkəzi Şurasının üzvü seçilib.
Rəhilə Hacıbababəyova 1954-cü ildə Bakıda dünyasını dəyişib.