Azərbaycanda pandemiya dövründə ən çox hansı kitablar oxunub?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) pandemiya dövründə kitabxanaya əsas müraciət, AMEA-nın elmi-tədqiqat institutlarından, həmçinin elmin müxtəlif sahələri üzrə tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri, tələbələr, eyni zamanda, müxtəlif sahələrdən olan geniş oxucu kütləsi tərəfindən edilib.
"Report"a verilən məlumata görə, MEK tərəfindən biblioqrafik sorğu, sənədlərin sifarişi, virtual sərgi, metodiki xidmət, elektron sifariş kimi onlayn xidmətlər oxucular üçün aktiv olmuş və bu proses hazırda da davam edir.
MEK oxucuları onlara lazım olan resursları kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. MEK-in virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq elektron resursdan istifadə edə bilirlər.
Pandemiya dövründə kitabxanaya edilən müraciətlərin statistikasına nəzər saldıqda bu müddət ərzində ən çox oxunan kitablar sırasında Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə. Bakı, 2007”, “Ziya Musa oğlu Bünyadov. Biblioqrafiya. Bakı 2004”, “Академик З.М.Буниятов. Баку,1999”, “Nizami Gəncəvi və Azərbaycan incəsənəti”, “Низами Гянджеви. Лейли и Меджнун.Баку, 1981” və digər nəşrlər yer alır. Mərkəzi Elmi Kitabxananın Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın verdiyi məlumata əsasən, “Pandemiya dövründə kitabxanamıza müraciət daha çox elmi-tədqiqat mərkəzləri tərəfindən elmi araşdırmalarla əlaqədar olub.
Elmi əsərlər jurnallarına, xarici ədəbiyyatlara, daha çox türk ədəbiyyatlarına ehtiyac yaranıb. Bildiyimiz kimi 2021-ci il cənab Prezidentin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olundu, bununla əlaqədar olaraq oxucular tərəfindən Nizami Gəncəvi yaradıcılığına məxsus kitablara maraq daha da artıb. MEK-ə edilən müraciətlər arasında müxtəlif yaş kateqoriyasında olan oxucular, xüsusilə gənclər bədii kitablara daha çox üstünlük veriblər”.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanada tətbiq olunan İRBİS 64+ (AKİS) Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin elektron kataloqu mek.az saytında zaman və məkan məhdudiyyəti olmadan onlayn istifadəyə verilmişdir. Bu sistemə bir sıra kitabların elektron versiyaları daxil edilərək oxucuların istifadəsinə verilib.