Azərbaycan Texniki Universiteti DAAD ilə əməkdaşlığını genişləndirir
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi regional ofisinin rəhbəri Gebhard Reul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
UniversitetdənAZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyevlə görüşdə Gebhard Reul DAAD ilə AzTU-nun mövcud əməkdaşlığından və bu əlaqələrin genişləndirilməsindən danışıb.
AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonağa məlumat verən rektor bu fakültənin fəaliyyəti çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.
Tələbə və müəllimlərin alman dili biliklərinin artırılması üçün 2022-ci ilin payız semestrindən AzTU-da fəaliyyət göstərən alman dili müəlliminin bu baxımdan rolunu qeyd edən Vilayət Vəliyev elektroenergetika, bərpa olunan enerji texnologiyaları, metallurgiya, kibertəhlükəsizlik, süni intellekt və informasiya texnologiyaları sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. Həmçinin bu istiqamətdə DAAD-nin mövcud proqramlarına müraciət ediləcəyini bildirib.
V.Vəliyev Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) ilə magistratura və doktorantura səviyyələrində imzalanan ikili diplom müqavilələrindən də bəhs edib və bu əməkdaşlığın həyata keçirilməsində Alman Akademik Mübadilə Xidmətinin dəstəyini vurğulayaraq təşəkkürünü bildirib.
Daha sonra Gebhard Reul DAAD-ın magistratura proqramına müraciət edən namizədlərin müsahibə mərhələsinin mart ayında AzTU-da keçirilməsi üçün yaradılacaq şəraitlə tanış olub və dəstək üçün təşəkkürünü bildirib.