AMEA-nın “İstinadlarda rekord” diplomu təsis olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında Elm Gününə həsr olunmuş tədbirlər planı təsdiqlənib.
Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Elm Günü ilə əlaqədar AMEA-nın tədbirləri haqqında da müzakirələr aparılıb. Həmçinin AMEA-nın “İstinadlarda rekord” diplomunun təsis olunması barədə qərar qəbul edilib, həmin istiqamətdə fərqlənən alimlərə Elm Günündə verilməsi qərara alınıb.
Rəyasət Heyəti AMEA-nın Qafqazşünaslıq İnstitutunda struktur dəyişikliyi haqqında qərar qəbul edib. “AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin nəşrə tövsiyə edilməsi və AMEA-nın 2022-ci ilə dair fəaliyyətinin yekunları haqqında 16 mart 2023-cü il tarixli növbəti Ümumi yığıncağında dinləniləcək əsas məruzənin və məruzəyə əlavələrin mətnlərinin ayrıca kitab halında nəşr edilməsi qərara alınıb.
İclasda akademik Cəlal Əliyevin 95 illik və akademik Urxan Ələkbərovun 80 illik yubileyləri haqqında müvafiq qərarlar qəbul olunub, tədbirlər müəyyən edilib.
AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professorlar Kərim Şükürov, İlham Məmmədzadə, eləcə də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.