Ad, soyad və ata adlarının yazılışı necə olmalıdır?
Azərbaycanda ad, soyad və ata adlarının yazılması ardıcıllığı, rəsmi və işgüzar sənədlərdə müvafiq formaların tətbiqi ilə bağlı fikir ayrılıqları mövcuddur. İllərdir ənənə kimi qəbul etdiyimiz yazılış forması – soyad, ad və ata adının bu cür sıralanması artıq birmənalı qarşılanmır, Sovetlərdən qalan qəlib kimi qəbul olunur. Bəzi məqamlarda isə təqdimatda ata adının istifadə olunması məqsədəuyğun hesab edilmir. Nəticə olaraq, bizdə bununla bağlı çoxvariantlılıq var.
Bu barədə danışan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın sözlərinə görə, təqdimatlarda ad əvvəl, soyad sonra yazılmalıdır:
“Lakin müxtəlif sənədlərdə, rəsmi, işgüzar versiyalarda, elmi nəşrlərdə təqdimetmə zamanı soyad əvvəl, ad sonra yazılır. Məsələn, ərizə formalarında ad mütləq əvvəl yazılmalıdır. Bəzən belə versiyalardan da istifadə edirlər – nümunə olaraq, Aysel Aslan qızı Qurbanova, Adil Əmrah oğlu Əliyev. Bu forma son dövrlərdə istifadə olunan versiyadır. Düşünürəm ki, bu daha uyğun variantdır. Hesab edirəm ki, ad, soyad və ata adlarının ardıcıllığı məsələsi müzakirə edilməli, ortaq fikir qəbul olunmalıdır. Hələlik isə ənənəvi olaraq, soyad, ad, ata adı ardıcıllığından istifadə edirik”.
Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli isə ənənəvi sıralama qaydasının işlədilməsinimüvafiq hesab edir:
“Lakin müxtəlif sənədlərdə, məqamlarda fərqli versiyalar da istifadə olunur. Məsələn, elmi məqalədə, kitabda ədəbiyyat siyahısı verərkən, soyad, ad və ata adı qeyd olunur. Qısaldıqda isə adın və soyadın baş hərfi qeyd edilir, nöqtə qoyulur. Burada dolaşıq məqam yoxdur. Ata adını ad və soyadın arasında sadalamaq da qayda pozuntusu deyil. Amma ən müvafiq variant soyad, ad və ata adı sıralamadır.Bu dəftərxana üslubudur və ən mükəmməl nümunə kimi şəxsiyyət vəsiqələrimizdə də belə qeyd olunub”.(modern.az)